Allerqologiya — Allergiya orqanizmin hər hansı bir maddəyə yüksək, ifrat patoloji reaksiyasıdır. Allergiya terminini ilk dəfə 1906-cı ildə Avstriya pediatrı K.Pirke təklif etmişdir və iki yunan sözünün birləşməsindən ibarətdir. “Allos” – başqa, digər; “Arqon” – mən edirəm. Yəni hərfi tərcümədə “başqa cür etmək” mənasını verir. Orqanizmdə yüksək həssaslıq, allergiya törədə bilmək qabiliyyətinə malik olan maddələrə “allergen” deyilir. İstənilən üzvi bioloji maddə allergen ola bilər. Bütün allergenləri iki böyük qrupa bölürlər:

  1. Ekzoallergenlər – insan orqanizminə xaricdən daxil olan, təsir edən maddələr;
  2. Endoallergenlər və ya autoallergenlər – orqanizmin daxilində əmələ gəlir (infeksiya,kimyəvi, fiziki və başqa təsirlərdən zədələnən hüceyrələr ola bilər).

Ekzoallergenlər də öz növbəsində 2 böyük qrupa bölünür: qeyri-infeksion və infeksion allergenlər. Qeyri-infeksion allergenlərə məişət, epidermal, bitki-çiçək tozcuğu, qida, insekt, dərman və istehsalat kimyəvi allergenləri aiddir. İnfeksion allergenlərə isə bəzi bakteriyalar, viruslar, göbələklər, helmintlər, ibtidailər aiddir. Ekzoallergenlər orqanizmə istənilən yolla – ağızdan, tənəffüs yolundan, dəridən, selikli qişadan, həmçinin inyeksiya və ya manipulyasiya yolu ilə daxil ola bilər. Allergen orqanizmə daxil olduqda immun sistemdə baş verən dəyişikliklərə, spesifik proseslərə allergik reaksiya deyilir.

Klinikamızın allerqoloji şöbəsində ixtisaslaşmış həkim-mütəxəssis tərəfindən aşağıda qeyd olunan müayinə və müalicə üsulları həyata keçirilir:

  1. Dəri sınaqları (skin prick test) — dəri vasitəsilə orqanizmə allergenin yeridilməsi və bu zaman əmələ gələn ödem və ya digər iltihabi reaksiyaların ölçü və xarakterinin qiymətləndirilməsi yolu ilə orqanizmin spesifik sensibilizasiyasını müəyyən edən diaqnostik üsuldur. Dəri testinin qoyulmasına göstəriş bu və ya digər allergen,və ya allergen qrupunun səbəbkar olmasına dəlalət edən anamnezdir. Dəri sınaqlarını steroid hormonlarla, bronxospazmolitik vasitələrlə və antihistamin preparatlarla ( bu preparatlar dəri həssaslığını azalda bilər) müalicə zamanı aparmaq məsləhət deyil. Dəri sınaqları bazunun iç səthində qoyulur. Dəri formalı allergik xəstəliklər zamanı sınaqlar dərinin patoloji prosesə məruz qalmamış yerlərində (kürək, qarın, bud) qoyulur. allerqologiya 1allerqologiya 2
  2. Dəri sınaqların nəticəsindən asılı olaraq ASİT (Allergen Spesifik İmmunoterapiya) üsulunun mahiyyəti ona qarşı həssaslığın və xəstəliyin klinik əlamətlərinin meydana çıxmasına cavabdeh olduğu allergenin artan dozada xəstəyə yeridilməsindən ibarətdir. Müalicə xəstənin konkret səbəbkar allergenə ( və ya allergenlərə ) qarşı spesifik həssaslığın azalmasına yönəlmişdir. Allergenin yeridilmə üsulundan asılı olaraq ASİT-in aşağıdakı üsulları həyata keçirilir: sublinqval, endonazal və subkutan.
  1. Pikfloumetriya — bu metod tənəffüs funksiyasını qiymətləndirərək Bronxial astma xəstələrinə həm diaqnoz qoymaqda, həm də bu xəstələrin müalicəsi üzərində nəzarəti təmin etməkdən ötrü tətbiq olunur. Pasient bilməlidir ki, pikfloumetr nəfəs vermənin zirvə (max) sürətini (NZS) müəyyən etməyə imkan verir. NZS-ə uzunmüddətli nəzarət ağırlaşan astmanı, kəskinləşmənin başlanma əlamətlərini müəyyən etməyə imkan verir. Pikfloumetriyanın nəticələri müşahidə gündəliyinə yazılır.
  1. Spirometriya — Bronxial astmanın diaqnostikasında xarici tənəffüs funksiyasının (XTF) öyrənilməsi mühüm rol oynayır. Xarici tənəffüs funksiyasının spirometrik göstəriciləri ağciyərlərin ventilyasiya qabiliyyətinin pozulma dərəcəsini, habelə bronxlardakı mövcud obstruksiyanı qiymətləndirməyə imkan verir. Spirometriya ilə aşağıdakıları təyin etmək mümkündür:

— XTF-ın pozulma dərəcəsini;

— XTF-ın pozulma tipini;

— Ventilyasion pozulmaların ağırlıq dərəcəsini;

— Bronxların latent obstruksiyasını;

— Bronxial obstruksiyanın tipini;

— Bronxların obstruksiyasının geri dönərliyini.

Spirometriya vasitəsilə obstruksiyanın dönmə sınağını, fiziki gərginlik, histamin, metaxolin, asetilxolin ilə inhalyasion təhrikedici testləri həyata keçirtmək olar.

  1. Nebulayzer terapiya — tənəffüs yollarının xəstəliklərinin ən müasir müalicə üsullarından biri də inhalyasion terapiya sayılır. Dərman preparatlarının nebulayzer cihazı vasitəsi ilə inhalyasiyası ən etibarlı və sadə müalicə üsulu kimi tanınır.

Laborator allerqodiaqnostika:

Allerqoloji şöbəmizin nəzdində olan laboratoriyada  allergik  xəstəliklərin diaqnostikası  molekulyar səviyyədə aparılır.  Molekulyar allerqodiaqnostikanın əsasını  təşkil edən qanda spesifik IgE-ni  kəmiyyətcə təyin edən  ImmunoCAP testi (həssaslıq dərəcəsi  diapazonu  0.1 kU/l-dən  başlayır) vasitəsi ilə xəstəliyə molekulyar səviyyədə diaqnoz qoymaq, inkişafını  proqnozlaşdırmaq və  gedişatını izləmək; pasiyentin allergen profilini  müəyyənləşdirmək, nəticələrə uyğun fərdi tövsiyyələr vermək mümkündür.

Bunlar  məhz  Azərbaycan  Respublikasında  ilk və dünya standartlarına  cavab verən ImmunoCAP ISAC və ImmunoCAP Phadia cihazları vasitəsi ilə həyata keçirilir.

Müasir  allerqodiaqnostikanın  ən  son  nailiyyəti sayılan  ImmunoCAP ISAC 

texnologiyasının üstünlükləri:

  1. Pasiyentin IgE anticism profilini təyin edən yüksək dərəcədə təkmilləşdirilmiş avadanlıqdır.
  2. Yalnız allergen komponentlərinə əsaslanan ilk in vitro diaqnostik testdir.
  3. 51 allergen mənbəyində olan 112 allergen komponentinə qarşı həssaslığı təyin edə bilir.

 

ImmunoCAP Phadia cihazı vasitəsi ilə mümkündür:

  1. Xəstəliyin atopik mənşəli olmasının təsdiq və ya inkar edilməsi (Phadiotop və  Phadiotop infant  skrin-testləri qanda  total  IgE  analizi  ilə  müqayisədə daha  həssas  və spesifikdir — həssaslıq  dərəcəsi 98 %, spesifikliyi  isə 89% təşkil edir).
  2. Sistem reaksiyaların baş  vermə riskinin qiymətləndirilməsi  (qanda  triptazanın  konsentrasiyasını  təyin etməklə).
  3. Çarpaz reaktivliyə əsaslanaraq simptomların izahı.
  4. Allergen spesifik immunoterapiyanın göstəriş olduğu pasiyentlərin düzgün seçimi.

Klinikamızın allerqoloji şöbəsində aşağıdakı xəstəliklər müayinə və müalicə olunur:

  • Bronxial astma
  • Allergik rinit ( rinosinusit, rinokonyuktivit )
  • Dərman allergiyası
  • Qida allergiyası
  • İnsekt allergiyası
  • Lateks allergiyası
  • Dəri allergiyası ( övrə, angionevrotik ödem, atopik dermatit, kontakt dermatit )
  • Peşə allergik xəstəlikləri
  • Anafilaktik şok və anafilaktoid reaksiyaları
  • Eozinofil ezofagit, qastroenterit və proktokolit.